Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Sərəncamda qeyd olunur ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılır.“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilir. Müəyyən edilir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılır.